"Donald Tramp administrasiyası İrandan istənilən nüvə razılaşmasının müddətsiz qüvvədə qalmasına razılıq verməsini tələb edir."
İslamazeri.com-un xəbərinə görə, Axios nəşri amerikalı bir rəsmi və Stiv Uitkofun açıqlamalarından məlumatlı olan iki mənbəyə istinadən xəbər verib ki, Ağ Evin xüsusi nümayəndəsi çərşənbə axşamı qapalı toplantıda bunu bildirib.
Xəbərə görə, Tramp və 2015-ci ildə Barak Obama administrasiyası tərəfindən imzalanmış nüvə sazişinin (JCPOA) digər tənqidçiləri “günbatımı maddəsi”ni razılaşmanın əsas qüsurlarından biri hesab ediblər.
Uitkof bu fikirləri İsveçrədə keçirilməsi planlaşdırılan növbəti nüvə danışıqlarından iki gün əvvəl səsləndirib. Onun və Trampın kürəkəni Cared Kuşnerin cümə axşamı Cenevrədə İran nümayəndə heyəti ilə – xarici işlər naziri Seyid Abbas Əraqçiin rəhbərliyi altında – görüşəcəyi gözlənilir.
Trampın 2018-ci ildə çıxdığı JCPOA-ya əsasən, İranın nüvə proqramına dair əksər məhdudiyyətlər saziş imzalandıqdan 8–25 il sonra mərhələli şəkildə qüvvədən düşməli idi.
Axios yazır ki, “günbatımı maddəsi”nin olmaması mümkün razılaşmanı Vaşinqton üçün daha güclü edər və Trampa onu ABŞ daxilində Obama dövrü sazişindən daha yaxşı razılaşma kimi təqdim etməyi asanlaşdırar.
İranın xarici işlər naziri ötən həftəsonu CBS telekanalına müsahibəsində bildirib ki, Tehran nüvə proqramının “əbədi olaraq dinc xarakter daşımasına” zəmanət verən “daha yaxşı” saziş imzalaya bilər.
Məlumatlı mənbələrin iddiasına görə, Uitkof Vaşinqtonda AIPAC donorlarının toplantısında deyib: “Biz iranlılarla danışıqlara ‘günbatımı maddəsi’ olmadan başlayırıq. Razılıq əldə olunsa da, olunmasa da, yanaşmamız belədir: siz ömrünüzün sonunadək düzgün davranmalısınız”.
Həmin mənbələr həmçinin bildiriblər ki, Uitkof ABŞ–İran danışıqlarının hazırda nüvə məsələlərinə fokuslandığını, lakin razılaşma əldə olunacağı təqdirdə Tramp administrasiyasının İranın raket proqramı və regiondakı müttəfiq qüvvələrə dəstəyi barədə əlavə danışıqlara açıq olduğunu söyləyib.
Tehran isə dəfələrlə bəyan edib ki, müdafiə proqramı ilə bağlı Vaşinqtonla danışıqlar aparmayacaq və regional müqavimət qruplarının müstəqil qərarlar qəbul etdiyini vurğulayıb.
Amerikalı diplomat qeyd edib ki, növbəti mərhələdə Vaşinqton regionun digər ölkələrinin də danışıqlara cəlb olunmasını istəyir.
Uitkof hazırkı danışıqlarda iki əsas mövzunun olduğunu da bildirib: İranın uranı zənginləşdirmə imkanları və ölkədə mövcud olan yüksək zənginləşdirilmiş uran ehtiyatlarının taleyi.
Tehran öz növbəsində dinc məqsədlər üçün uranı zənginləşdirmə hüququndan imtina etməyəcəyini dəfələrlə bəyan edib.
ABŞ rəsmiləri bildiriblər ki, əgər İran bunun nüvə silahı istehsalına yol açmadığını sübut edərsə, Tramp ölkə daxilində “simvolik” zənginləşdirməyə razılıq verə bilər.
Cenevrə görüşünün diplomatik həll yoluna nail olmaq üçün son fürsət ola biləcəyi ehtimal edilir.
Tramp çərşənbə axşamı illik çıxışında diplomatik həllə üstünlük verdiyini desə də, İranla müharibə variantını da istisna etməyib.
İran rəsmiləri isə danışıqlar masasını tərk etmədiklərini və diplomatiyaya üstünlük verdiklərini bildirir, eyni zamanda ABŞ tərəfindən hər hansı hücum olacağı təqdirdə sərt və peşmanedici cavab veriləcəyi barədə xəbərdarlıq edirlər.