Əzizi şəxsi sosial media hesabında paylaşım edərək Bəhreynin ABŞ ilə birlikdə BMT Təhlükəsizlik Şurasına İran əleyhinə qətnamə təqdim etməsini tənqid edib.
İslamazeri.com xəbər verir ki, İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizi Bəhreynin ABŞ ilə birlikdə BMT Təhlükəsizlik Şurasına İran əleyhinə qətnamə təqdim etməsinə reaksiya verib.
Əzizi bildirib ki, “ABŞ qətnaməsini dəstəkləyən Bəhreyn kimi kiçik ölkələri bu hərəkətin ciddi nəticələri barədə xəbərdar edirik. Hörmüz boğazının qapılarını özünüzə əbədi bağlamayın!”
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani də ABŞ və Bəhreyn tərəfindən Hörmüz boğazı ilə bağlı hazırlanan Təhlükəsizlik Şurasının qətnamə layihəsinin “siyasi və qərəzli” olduğunu iddia edib və üzv dövlətləri onu rədd etməyə çağırıb.
Aprel ayında təqdim edilən əvvəlki qətnamə də Rusiya və Çin tərəfindən rədd edilib. Moskva və Pekin o zaman mətnin gərginliyi artıra biləcək “boş çek” olduğunu bildiriblər. BMT Təhlükəsizlik Şurasının 11 üzvünün dəstəyini almasına baxmayaraq, qətnamə qəbul edilməyib.
Məlumata görə, qanun layihəsi Fars körfəzi ilə həmsərhəd olan bir neçə ərəb ölkəsi, əsasən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Qətər tərəfindən dəstəklənib.