Rubio: İranla danışıqlarda irəliləyiş qeydə alınıb

Rubio: İranla danışıqlarda irəliləyiş qeydə alınıb
Yayınlanma tarixi: 5/23/2026 7:38:38 PM

Vaşinqton və Tehran arasında aparılan diplomatik danışıqlarda mühüm irəliləyişlərin əldə olunduğu bildirilir.

İslamazeri.com xəbər verir ki, hər iki tərəf yekun razılaşmaya yaxın olduqlarını təsdiqləsə də, hələ də həllini gözləyən bəzi məqamların olduğunu vurğulayıb.

ABŞ Dövlət Katibi Marko Rubio jurnalistlərə verdiyi bəyanatda Vaşinqton ilə Tehran arasındakı danışıqlarda irəliləyiş qeydə alındığını və yaxın günlərdə rəsmi açıqlamaların verilə biləcəyini qeyd edib. Rubio,

ABŞ Prezidenti Donald Trampın diplomatik yolu üstün tutduğunu bildirərək ABŞ-ın əsas şərtlərini belə sıralayıb:

  • İran heç bir halda nüvə silahına sahib olmamalıdır;

  • Tehran zənginləşdirilmiş uranyumu təhvil verməlidir;

  • Hürmüz boğazı heç bir tranzit rüsumu tətbiq edilmədən gəmilərin keçidi üçün açıq qalmalıdır.

Məsələyə münasibət bildirən ABŞ Vitse-prezidenti Cey Di Vens (JD Vance) də danışıqlarda ciddi irəliləyiş olduğunu və hər iki tərəfin hərbi əməliyyatların yenidən başlamasını istəmədiyini vurğulayıb.

İran tərəfi: Anlaşma memorandumunun son mərhələsi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi tərəflərin 14 maddəlik anlaşma memorandumu üzərində son mərhələyə gəldiyini açıqlayıb. Bəqayi, ABŞ-ın daha əvvəlki ziddiyyətli yanaşmalarına görə ehtiyatlı davrandıqlarını bildirsə də, hazırda mövqelərin bir-birinə yaxınlaşdığını qeyd edib.

İranın əsas tələbləri və təklifləri bunlardır:

  • Münaqişənin tamamilə dayandırılması və ABŞ-ın dəniz hücumlarına son qoyması;

  • İranın dondurulmuş aktivləri üzərindəki blokadanın qaldırılması və sanksiyaların ləğv edilməsi;

  • Nüvə güzəşti: "El Arabiya"nın diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, İran uranyumun 3.6%-dən yuxarı zənginləşdirilməsini 10 il müddətinə dayandırmağa və əlindəki 20%-dən yuxarı zənginləşdirilmiş uranyumu öz ərazisində seyrəltməyə hazırdır. (Qeyd edək ki, hazırda İran uranyumu 60% səviyyəsində zənginləşdirə bilir, nüvə silahı üçün isə bu göstərici 90% olmalıdır).

Sonrakı mərhələ

İran rəsmisinin sözlərinə görə, memorandum imzalandıqdan sonra tərəflər yekun razılaşmaya nail olmaq üçün 30-60 gün ərzində təfərrüatları müzakirə etməyi planlaşdırır. Beynəlxalq mənbələr həmçinin Tehranın Pakistan vasitəsilə Vaşinqtona Hürmüz boğazının açılması müqabilində təzminat təklifi irəli sürdüyünü də bildirir.

GÜNÜN MANŞETLERİ