Fransa hökuməti İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin ölkə ərazisinə daxil olmasını qadağan edib
İslamazeri.com bu barədə qərarı Fransanın xarici işlər naziri Jan-Noel Barro rəsmi şəkildə bəyan edib.
Fransa XİN rəhbəri özünün sosial media hesabında etdiyi paylaşımda qadağanın bu gündən etibarən qüvvəyə mindiyini bildirib. Nazirin sözlərinə görə, bu addımın atılmasına səbəb İtamar Ben-Qvirin "Sumud" missiyasında (humanitar donanmada) iştirak edən Fransa və digər Avropa İttifaqı ölkələrinin vətəndaşlarına qarşı nümayiş etdirdiyi qeyri-məqbul rəftardır.
Jan-Noel Barro rəsmi Parisin sözügedən donanmanın fəaliyyətini yüksək qiymətləndirmədiyini, bu təşəbbüsü real fayda gətirməyən və yalnız diplomatik-konsulluq xidmətlərinə əlavə yük yaradan bir addım kimi gördüyünü gizlətməyib. Bununla belə, o, Fransa vətəndaşlarının təhlükəsizliyinin qırmızı xətt olduğunu vurğulayıb:
"Biz Fransa vətəndaşlarının hər hansı bir rəsmi şəxs tərəfindən qorxudulmasına, təhdid edilməsinə və ya onlara qarşı güc tətbiq olunmasına dözə bilmərik. Diqqətə çatdırmaq istərdim ki, nazir Ben-Qvirin bu hərəkətləri İsrailin bir çox siyasi xadimləri tərəfindən də kəskin pislənilib."
Xatırladaq ki, rəsmi Parisin bu qərarı iki ölkə arasındakı diplomatik münasibətlərdə gərginliyi artıran növbəti addım kimi qiymətləndirilir.