İsrailin keçmiş baş naziri Ehud Barak ölkənin tarixi boyu apardığı ən uzun müharibənin elan edilmiş hədəflərin heç birinə nail olunmadan başa çatdığını bildirib.
İslamazeri.com xəbər verir ki, Ehud Barak "Haaretz" qəzeti üçün yazdığı məqalədə xəbərdarlıq edib ki, müharibənin bu şəkildə davam etdirilməsi İsraili bir neçə həftə ərzində daha mürəkkəb və çıxılmaz vəziyyətə sürükləyəcək.
Qəzza zolağında HƏMAS və Livanda Hizbullahın meydanda hələ də güclü və effektiv qüvvələr kimi mövcudluğunu qoruduğunu vurğulayan Barak, İrandakı rejimin də İsrail və ABŞ-ın birgə hücumlarından sağ çıxdığını qeyd edib.
Keçmiş baş nazir qeyd edib ki, İranın nüvə proqramı və ballistik raket imkanlarından irəli gələn təhdidlər davam edir və mövcud danışıqlar prosesi ilə bu riskləri aradan qaldırmağın mümkün görünmür.
İsrail əməliyyat səviyyəsində ABŞ-dan asılı vəziyyətə düşüb
Barak mövcud münaqişə prosesində İsrailin "himayə altında olan bir dövlətə" çevrildiyinə işarə edərək, ölkənin tamamilə ABŞ-dan asılı vəziyyətə düşdüyünü bildirib.
Bu asılılıq nəticəsində Vaşinqtonun operativ və diplomatik qərarları İsrailə birbaşa təlimat şəklində çatdırdığını qeyd edən Barak, bu vəziyyəti bəzən "alçaldıcı" bir tablo kimi xarakterizə edib.
Hizbullahın Livanın tamamilə işğal edilməsi yolu ilə ləğv edilə biləcəyi fikirlərinin praktik əsası olmadığını vurğulayan Barak, asimmetrik müharibələrin təbiəti etibarilə Vaşinqton və Tel-Əvivin qəti qələbə qazanmalı olduğunu, qarşı tərəfin isə sadəcə sağ qalmaqla hədəfinə çatdığını qeyd edib.
Baraka görə, bu vəziyyət sağ qalan aktorların İsraillə mübarizə və nüvə silahına çatmaq əzmini daha da gücləndirir.
Strateji uğursuzluğun əsas səbəbini "boş və təkəbbürlü bəyanatlar"la əlaqələndirən Ehud Barak, mövcud hakimiyyətin ictimaiyyəti çaşdırmaq üçün "məsuliyyətsiz yalanlar" və ictimai rəy mühəndisliyi apardığını bildirib.
Qələbə iddialarının yalnız səkkiz ay sürdüyünü ifadə edən Barak, "siyasi və şəxsi maraqların dövlətin təhlükəsizliyindən üstün tutulduğunu" vurğulayıb.
Şimal cəbhəsindəki hadisələrə də toxunan Barak, bölgədə regional siyasi nizamlanmanın aparılması ilə bağlı gecikmələri tənqid edib. İranla yaşanan gərginliyin İsrailin müdaxiləsindən asılı olmayaraq danışıqlar masasında həll ediləcəyinə işarə edən Barak, ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı avtomatik veto dəstəyinin çatlaya biləcəyi və seçilmiş prezident Donald Trampın dəstəyinin əbədi olaraq təminat altında olmadığı barədə xəbərdarlıq edib.