Hakan Fidan: İrana hücumu qəbul etməyimiz mümkün deyil
İslamazeri.com xəbər verir ki, ABŞ–İran xəttində gərginliyin artdığı bir dövrdə İstanbulda mühüm diplomatik görüş keçirilib. Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Əraqçi ilə İstanbulda görüşüb.
Görüşdən sonra açıqlama verən nazir Fidan bildirib ki, Türkiyə İranla bağlı hər hansı hərbi müdaxilənin əleyhinədir:
“İrana müdaxiləyə qarşıyıq. İrana qarşı mümkün hər hansı hücumu qəbul etməyimiz mümkün deyil. Mövcud problemlərin yalnız dialoq və diplomatik yollarla həll olunmasını istəyirik.”
“Başda cənab Prezidentimiz olmaqla, İranla bağlı hərbi müdaxiləyə qarşı olduğumuzu hər fürsətdə bütün müvafiq tərəflərə çatdırmışıq. Cənab Prezidentimiz bu səhər də cənab Pezeşkiyan ilə telefon danışığı aparıb. Buradan bir daha bəyan edirik ki, problemlərin həlli üçün hərbi variantlara müraciət etməyə qarşıyıq. Bunun çox da təsirli olacağına inanmırıq. Biz danışıqları və diplomatiyanı dəstəkləyirik. Suriyada, İraqda, Əfqanıstanda və Qəzzada baş verən hadisələr yaddaşımızda hələ də canlıdır. Keçmişin yaralarını sarmağa çalışarkən bölgədə başqa bir yarın açılması heç kəsə fayda gətirməyəcək. Region ölkələri sülh, sabitlik və əmin-amanlıq istəyir. Bu baxımdan tərəfləri müzakirə masasına dəvət edirik. Danışıqlar masası qurulduqda məsələlərin ayrı-ayrılıqda müzakirəsinin problemlərin həllini asanlaşdıracağını düşünürük.”, -deyə Hakan Fidan bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə çıxışında ABŞ-la danışıqlara prinsip etibarilə hazır olduqlarını, lakin Vaşinqtonun təhdidkar mövqeyini davam etdirdiyi müddətdə bunun real olmadığını vurğulayıb. Əraqçinin sözlərinə görə, gərginliyin azaldılması üçün qarşılıqlı hörmətə əsaslanan siyasi iradə zəruridir.