"TikTok"un ABŞ-da qadağan olunması gözlənilir

Yayınlanma tarixi: 25.01.2023 16:15:29

ABŞ Senatına "TikTok" sosial şəbəkəsini ölkə ərazisində qadağan edən qanun layihəsi təqdim olunacaq.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Respublikaçılar Partiyasından senator olan Coş Hauli (Josh Hawley) ABŞ Senatına “TikTok” sosial şəbəkəsinin bütün ölkə ərazisində istifadəsini qadağan edən qanun layihəsi təqdim edəcəyini açıqlayıb. Onun sözlərinə görə, keçən ay konqres “TikTok”u hökumət cihazlarında tətbiqini qadağan edib. İndi isə növbə həmin sosial şəbəkənin bütün ölkə ərazisində qadağan edilməsinə çatıb.

Bundan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirmişdi: “ABŞ kəşfiyyatı “TikTok”un Amerikanın milli təhlükəsizliyinə təhdid yaratdığına inanır. Çin hakimiyyəti “TikTok”un amerikalı istifadəçilərinin şəxsi məlumatlarını əldə etmək, həmçinin bu sosial şəbəkədə hansı materialın yerləşdirilməsinə nəzarət etmək bacarığına malikdir. Bu, narahatlıq üçün mühüm səbəbdir”.

GÜNÜN MANŞETLERİ