İranın Xarici İşlər Naziri bildirib ki, İran heç vaxt atəşkəs və müharibənin dayandırılması ilə bağlı danışıqlar üçün müraciət etməyib.
İslamazeri.com-un məlumatına görə, Seyid Abbas Əraqçi CBS telekanalına müsahibəsində bəzi mətləblərə aydınlqı gətirib. "
Müsahibənin tam mətni belədir:
Marqaret Brennan: Cənab nazir, Donald Tramp bu həftəsonu bildirdi ki, İranla razılığa hələ hazır deyil, çünki onun dediyinə görə şərait yetişməyib. Onun administrasiyası bu müharibənin daha üç həftə yarım davam edə biləcəyini deyir. İran atəşkəs xahiş edibmi?
Əraqçi: Xeyr, biz heç vaxt atəşkəs xahiş etməmişik, hətta danışıqlar təklifi də verməmişik. Biz nə qədər lazımdırsa, özümüzü müdafiə etməyə hazırıq. İndiyə qədər bunu etmişik və Prezident Tramp bu müharibənin qeyri-qanuni və qələbəsiz olduğu qənaətinə gələnə qədər buna davam edəcəyik. Bildiyiniz kimi, insanlar sadəcə Prezident Trampın "əylənmək" istəyinə görə ölürlər. Bu, onun öz sözüdür.
Marqaret Brennan: Əylənmək?
Əraqçi: Bəli, o belə deyib; gəmiləri batırmağın və müxtəlif yerləri hədəf almağın onlar üçün əyləncəli olduğunu bildirib. Müharibə naziri də deyib ki, heç bir rəhm olmayacaq. Belə bir şeyi demək özü bir müharibə cinayətidir. Beləliklə, bu, Prezident Trampın və ABŞ-ın öz istəyi ilə başlatdığı müharibədir və biz özümüzü müdafiə etməyə davam edəcəyik.
Marqaret Brennan: Bu sizin mövqeyiniz ola bilər, amma cənab nazir, bu, hökumətiniz üçün bir "ölüm-dirim" (survival) müharibəsidir. İstər birbaşa, istərsə də üçüncü tərəf vasitəsilə danışıqlara məcbur deyilsinizmi?
Əraqçi: Xeyr, bu, ölüm-dirim müharibəsi deyil. Biz kifayət qədər stabil və güclüyük. Biz sadəcə xalqımızı bu təcavüzkar akta qarşı müdafiə edirik. Amerikalılarla danışıqlar aparmaq üçün bir səbəb görmürük, çünki onlar bizə hücum etmək qərarı verdikdə, biz onlarla danışıqlar aparırdıq. Bu artıq ikinci dəfədir baş verir. Amerikalılarla dialoqdan yaxşı təcrübəmiz yoxdur. Biz danışıqlar aparırdıq; bəs niyə hücum etmək qərarına gəldilər? Odur ki, yenidən danışıqlar masasına qayıtmağın nə mənası var?
Marqaret Brennan: Siz Prezident Trampın kürəkəni Cared Kuşner və nümayəndəsi Vitkoff ilə olan diplomatiyaya işarə edirsiniz. Amma gəlin davam edək. İran öz dronlarını və raketlərini qonşu ölkələrə — ABŞ-ın Körfəzdəki müttəfiqlərinə göndərir. Müharibədən əvvəl hökumətinizin onlarla ticarət və əlaqələri var idi. İndi dronlar göndərdiyiniz və mülki hədəfləri vurduğunuz ölkələrlə müharibədən sonra necə yenidən ticarət etmək istəyirsiniz?
Əraqçi: Aydındır ki, bu ölkələr öz ərazilərini ABŞ qüvvələrinə bizə hücum etmək üçün veriblər. Biz nə etməliyik? Sadəcə oturub ABŞ qüvvələrinin onların torpağından bizə hücum etməsini izləməliyik?
Marqaret Brennan: Amma sizin dronlarınız mülki ərazilərə daxil olur, fabrikləri, hotelləri və mülki şəxsləri hədəf alır.
Əraqçi: Xeyr, xeyr, bu doğru deyil. Biz yalnız ABŞ-a məxsus mülkləri, obyektləri və hərbi bazaları hədəf alırıq. Vurulan hər şey Amerikaya məxsusdur. Reallıq budur ki, bu ölkələrin ərazisindən istifadə olunur. Çoxlu nümunə var. Elə dünən onlar bizim adalarımıza qısa mənzilli "HIMARS" raketləri ilə hücum etdilər və bunun üçün BƏƏ ərazisindən istifadə etdilər. Təxminən bir həftə əvvəl Küveytdə üç F-15 qırıcısı guya "dost atəşi" nəticəsində qəzaya uğradı. Amma heç kim soruşmur ki, onlar Küveytdə nə edirdilər? Onlar qonşu və dost ölkənin hava məkanından bizə hücum etmək üçün istifadə edirdilər. Təbii ki, biz buna qarşı səssiz qala bilmərik.
Marqaret Brennan: Bu ölkələrin çoxu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bir hissəsidir. Amma məsələ budur ki, uzunmüddətli perspektivdə bu, ölkənizə zərər verəcək. Qlobal ticarət üçün həyati əhəmiyyət kəsb edən Hörmüz boğazı haqqında danışarkən, siz bu boğazın İsrail və ABŞ üçün qapalı olduğunu demisiniz. "Financial Times" yazır ki, Fransa və İtaliyadan olan avropalı diplomatlar gəmilərinin təhlükəsiz keçidi barədə hökumətinizlə danışıqlar aparır. Neft və qaz gəmilərinin keçidini yenidən bərpa etməyə hazırsınızmı?
Əraqçi: Biz, gəmilərinin təhlükəsiz keçidi barədə bizimlə danışan ölkələrlə dialoqa hazırıq. Bu məsələ hərbi qüvvələrimizin qərarından asılıdır.
Marqaret Brennan: Beləliklə, Fransa və İtaliya ilə danışıqlar aparırsınız?
Əraqçi: konkret ölkə adı çəkə bilmərəm, lakin bir sıra ölkələr gəmilərinin təhlükəsizliyini təmin etmək üçün bizimlə əlaqə saxlayıblar. Son qərar hərbçilərimizindir. Onlar artıq müxtəlif ölkələrə məxsus bir qrup gəminin təhlükəsiz keçidinə icazə veriblər. Biz keçid təhlükəsizliyini təmin edirik, çünki boğazı bağlamamışıq. Gəmilər ABŞ-ın təcavüzü nəticəsində yaranan etibarsızlıq səbəbindən bölgəyə daxil olmurlar.
Marqaret Brennan: Yenidən danışıqlar barədə soruşmaq istəyirəm. İran bildirib ki, əlində təxminən 440 kq nüvə materialı var. Bu materiallar hazırda haradadır? Onlara kim nəzarət edir?
Əraqçi: Biz bildirməmişik; bu miqdar MAQATE (Agentlik) tərəfindən təsdiqlənib və elan edilib.
Marqaret Brennan: Doğrudur.
Əraqçi: Bu məxfi deyil. Agentlik öz hesabatlarında bizim zənginləşdirilmiş nüvə materiallarımızın dəqiq miqdarını açıqlayıb.
Marqaret Brennan: Bəs hazırda haradadırlar? Kimin ixtiyarındadır?
Əraqçi: Onlar dağıntılar altındadır. Nüvə obyektlərimiz hücuma məruz qalıb və hər şey dağıntı altındadır. Əlbəttə ki, onları geri qaytarmaq mümkündür, lakin yalnız Agentliyin nəzarəti altında. Əgər nə vaxtsa onları çıxarmaq qərarına gəlsək, bu, Agentliyin nəzarəti ilə olacaq. Amma hazırda onları dağıntılar altından çıxarmaq planımız yoxdur.
Marqaret Brennan: İcazə verin düzgün anladığımdan əmin olum. Siz ABŞ-ın hücumlarından 48 saat əvvəl şəxsən Trampın danışıqçılarına həmin 440 kq-lıq 60%-lik zənginləşdirilmiş uranı durulaşdırmağı təklif etmişdiniz. Bildirmişdiniz ki, İran ondan imtina etməyə hazırdır. Bu, Omanın vitse-prezident Vensə təqdim etdiyi razılaşmanın bir hissəsi idi. Bu gün də İran həmin zənginləşdirilmiş urandan imtina etməyə hazırdırmı?
Əraqçi: Bu, ABŞ tərəfi ilə müzakirə etdiyimiz razılaşmanın elementlərindən biri idi. Həmin hissə İranın 60%-lik materialları ilə bağlı idi. Mən təklif etdim ki, biz həmin materialları durulaşdırıb daha aşağı faizə endirməyə hazırıq. Bu, İranın heç vaxt nüvə silahı ardınca olmadığını göstərmək üçün böyük bir təklif və mühüm güzəşt idi.
Marqaret Brennan: Bəs indi buna hazırsınız?
Əraqçi: Hazırda masada heç nə yoxdur. Hər şey gələcəkdən asılıdır. Gələcəkdə ABŞ və ya digər tərəflərlə danışıqlara girmək qərarı versək, o zaman masaya nə qoyacağımızı müəyyən edəcəyik. Hələlik heç bir təklif yoxdur.
Marqaret Brennan: Ən azı dörd amerikalı Evin həbsxanasında saxlanılır, o cümlədən Rza Vəlizadə adlı jurnalist və 61 yaşlı Kamran Hikməti. Bu amerikalıların vəziyyəti necədir? Onlar təhlükəsizlikdədirmi?
Əraqçi: Əgər ABŞ və İsrail bizim həbsxanalarımıza hücum etməsələr, düşünürəm ki, təhlükəsizlikdədir lər.
Marqaret Brennan: Cənab nazir, vaxtımız bitir və görürəm ki, internetiniz də tez-tez kəsilir. Sadəcə qeyd etmək istəyirəm ki, siz bizimlə "Zoom" vasitəsilə danışırsınız, halbuki İran xalqının internetə azad çıxışı yoxdur, amma sizin var. Niyə?
Əraqçi: Çünki mən İran xalqının səsiyəm və onların hüquqlarını müdafiə etməliyəm. Səsimizin beynəlxalq ictimaiyyət tərəfindən eşidilməsi üçün internetə çıxışım var. İnternet təhlükəsizlik səbəbindən bağlanıb, çünki biz hücum və təcavüz altındayıq və xalqımızı qorumaq üçün hər şeyi etməliyik. Hər bir ölkədə müharibə vaxtı bu cür təcili tədbirlər görülür.