İslamazeri.com xəbər verir ki, ABŞ və İran arasında imzalanması gözlənilən yeni sazişin şərtləri İsrail siyasi elitasında ciddi narazılıq və qarşıdurmaya səbəb olub
Ölkənin həm müxalifət, həm də hakim koalisiya liderləri hazırlanan bu sənədi kəskin tənqid edərək, onu İsrail üçün "strateji uğursuzluq" adlandırıblar. "Evimiz İsrail" (NDI) partiyasının sədri Aviqdor Liberman partiyasının parlament fraksiyasının iclasında çıxış edərək bildirib ki, bu saziş İsrail üçün siyasi fəlakətdir:
"Əgər ABŞ və İran arasındakı bu razılaşma əvvəlki "dəyişiklik hökuməti" dövründə imzalansaydı, Benyamin Netanyahu hamımızı xəyanətdə ittiham edərdi. Biz hamımız bu sazişin fəsadlarını anlayırıq və baş verən bu siyasi fəlakətə qarşı təcili cavab tədbirləri hazırlamalıyıq."
Liberman əlavə edib ki, İsrail İran və Livan cəbhələri arasında hər hansı bir əlaqənin qurulmasına qarşı çıxmalıdır: "Əgər İsrail istiqamətinə raketlər atılarsa, ordumuz Beyrutun Dahiyə bölgəsindəki bütün güc mərkəzlərinə zərbə endirməlidir. Livanda heç bir toxunulmaz zona qalmamalıdır."
O, həmçinin İsrail Ordusunda təcili olaraq raket qoşunlarının yaradılmasını, arsenalın ən azı 20 min ballistik və qanadlı raket, 30 min pilotsuz uçuş aparatı (PUA) və 24 min zenit raketi ilə gücləndirilməsini tələb edib.
Müxalifət lideri, "Yeş Atid" partiyasının rəhbəri Yair Lapid isə baş nazirin fəaliyyətsizliyini önə çəkib:
"İsrail SQ öz vəzifələrini yerinə yetirdi, lakin Netanyahu yox. Tarixdə bundan daha böyük uğursuzluq olmayıb. Beş il əvvəlki Netanyahu bu vəziyyətə düşməzdi. O, artıq zəifləyib, tükənib və ətrafında siyasi kampaniya aparmağı bacaran heç kim yoxdur. İndi ABŞ prezidenti ona "Mən sənin rəisinəm" deyir. Artıq başqa bir hökumətin vaxtı çatıb."
"Demokratlar" partiyasının lideri Yair Qolan da Lapidin fikirlərini dəstəkləyərək Netanyahunu İsrailin təhlükəsizliyinə "açıq və birbaşa təhdid" adlandırıb: "Sazişdəki bir imza, döyüşçülərimizin qanı bahasına qazanılan bütün hərbi uğurları silib atır. Netanyahu isə xəstə, zəif və hadisələrə heç bir təsiri olmadan kənarda dayanıb. Onun uğursuzluğu İsraili tam təcrid vəziyyətinə saldı – Tramp İsrailə məhəl qoymadan iranlılarla saziş imzalayır."
"Be-Yaxad" blokunun lideri Naftali Bennet isə ordunun cəbhədəki rəşadətinə rəğmən hökumətin bu uğurları dayanıqlı nəticələrə çevirə bilmədiyini vurğulayıb: "Vəziyyəti düzəltmək mümkündür. Bizim İran rejimini devirmək üçün tam aydın strateji planımız var."
"Yaşar" partiyasının lideri Qadi Ayzenkot 7 oktyabr hadisələrindən bəri keçən üç il ərzində hökumətin etimadı və müttəfiqləri itirdiyini bildirərək, "tam qələbə" bəyanatları ilə bugünkü reallıq arasındakı uçuruma diqqət çəkib.
"Kaxol-Lavan" partiyasının lideri Beni Qants da sazişi strateji uğursuzluq adlandırıb və baş naziri müxalifət liderləri ilə vahid cəbhədə birləşməyə çağırıb: "İranın diktəsinə boyun əymək və Hizbullah tamamilə məhv edilməmiş Livandakı müharibəni dayandırmaq olmaz."