İran Prezidenti Pezeşkian bazar ertəsi yanacaqla bağlı qurumların rəhbər və nümayəndələrinin iştirakı ilə iclas keçirib
İslamazeri.com xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian yanacaq qaçaqmalçılığı ilə mübarizədə ən effektiv yolun yanacağın dövriyyəsi üzrə vahid nəzarət və monitorinq sisteminin yaradılması olduğunu bildirib və rəsmi paylama şəbəkəsindən yanacağın çıxarılmasında sistem daxilindən iştirak edən şəxslərlə mübarizənin prioritet təşkil etməli olduğunu vurğulayıb.
Pezeşkian bazar ertəsi aidiyyəti qurumların rəhbər və nümayəndələrinin iştirakı ilə keçirilən iclasda “Mal və valyuta qaçaqmalçılığı ilə mübarizə qərargahı”nın ötən il qəbul etdiyi yanacaq qaçaqmalçılığının qarşısının alınması və onunla mübarizəyə dair 24 maddəlik təlimatın icra nəticələrini müzakirə edib.
İclasda təqdim olunan hesabatlara əsasən, sözügedən təlimatın icrasına başlanıldıqdan sonra qaçaq yanacaq müsadirələrinin həcmi 764 milyon litr artıb. Bu göstərici ölkədə yanacaq istehlakının illik artımını dayandırmaqla yanaşı, ümumi istehlakın 4 faiz azalmasına səbəb olub və istehlak səviyyəsi 2023-cü ilin göstəricilərinə qayıdıb. Nəticədə, dizel yanacağı idxalına ehtiyac sıfıra enib.
İran prezidenti qeyd edib ki, yanacaq qaçaqmalçılığı ilə mübarizə yalnız icraçı səviyyədə aparıldıqda effektiv olmur və sosial gərginlik yarada bilər. Onun sözlərinə görə, əsas diqqət qaçaqmalçılığın mənbələrinə və ilkin səbəblərinə, xüsusilə də rəsmi paylama sistemindən yanacağın çıxarılmasında iştirak edən sistemdaxili şəxslərə yönəldilməlidir.
Pezeşkian, həmçinin müasir texnoloji imkanlar hesabına yanacağın istehsalı, paylanması və istehlakının dəqiq izlənilməsinin mümkün olduğunu vurğulayıb. O, yol nəqliyyatı sektorunda mövcud mexanizmlərin təkmilləşdirilməsini vacib sayaraq, Yol və Şəhərsalma nazirinə mütəxəssislər, akademik dairələr və sahə üzrə maraqlı tərəflərlə məsləhətləşmələr aparmaq, beynəlxalq təcrübəni öyrənmək və bu əsasda nəqliyyat parkının səmərəli idarə olunması üçün yeni mexanizm hazırlamaq tapşırığı verib.