Tramp hələ də Netanyahunun ən yaxın müttəfiqidirmi?
İslamazeri.com xəbər verir ki, İvritdilli “Maariv” qəzeti yazır ki, İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-yə Donald Trampla görüş və danışıqlar üçün planlaşdırılan səfəri bazar ertəsi artan gərginlik şəraitində baş tutacaq. Məlumata görə, Netanyahu daha sərt mövqenin tərəfdarı olduğu halda, Tramp təmkin nümayiş etdirilməsini və danışıqların aparılmasını istəyir.
Qəzetin məlumatına əsasən, Qüds Təhlükəsizlik və Xarici Əlaqələr Mərkəzinin (JCFA) rəhbəri Den Diker bu görüşü tərəflər arasında mövqelərin dəqiqləşdirilməsinə yönəlmiş təcili görüş kimi xarakterizə edib.
“Maariv” yazır ki, Tramp və Netanyahunun danışıqlarında əsas və ən mübahisəli mövzu Qəzza zolağı olacaq. İsrailli mənbələrin bildirdiyinə görə, Netanyahu Trampı Qəzza ilə bağlı daha sərt mövqe tutmağa razı salmağa çalışır və atəşkəs razılaşmasının ikinci mərhələsi çərçivəsində İsrail ordusunun daha genişmiqyaslı geri çəkilməsindən əvvəl HƏMAS-ın silahsızlaşdırılmasının tələb olunmasını istəyir.
Qəzetin qeyd etdiyinə görə, Trampın Qəzzada atəşkəs planının icrası bir sıra çətinliklərlə üzləşib. Belə ki, razılaşmanın ikinci mərhələsinin əsas elementləri – o cümlədən sülhə nəzarət mexanizmi, fələstinli texnokratlardan ibarət komitə və beynəlxalq sabitləşdirici qüvvə – hələ formalaşdırılmayıb. Eyni zamanda, İsrail tərəfi Qəzzada sabitləşdirici qüvvədə Türkiyənin mümkün iştirakına qarşı çıxıb.