İran Hərbi Dəniz Qüvvələri: ABŞ-a məxsus hərbi gəmilər Oman dənizindən geri çəkildi.
İslamazeri.com xəbər verir ki, İran Ordusunun Hərbi Dəniz Qüvvələri, ABŞ-a məxsus iki esminesin xəbərdarlıq atəşlərindən sonra Oman dənizini tərk edərək Hind okeanına istiqamətləndiyini açıqlayıb.
İran Ordusunun Hərbi Dəniz Qüvvələri ABŞ-a məxsus DDG-103 və DDG-87 esmineslərinin Oman dənizini tərk edərək Hind okeanına doğru hərəkət etdiyini bildirib.
Yayılan açıqlamada qeyd olunub ki, İran Hərbi Dəniz Qüvvələrinin Qədir raketləri və yeni nəsil “Şəhid Dənayi” hücum tipli pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi xəbərdarlıq atəşlərindən sonra sözügedən hərbi gəmilər bölgədən ayrılıb.
Açıqlamaya görə, əməliyyat ABŞ Hərbi Dəniz Qüvvələrinə aid bölmələrin bölgədəki fəaliyyətlərinə qarşı həyata keçirilən dəniz təhlükəsizliyi əməliyyatları çərçivəsində icra olunub.
İran tərəfi həmçinin bildirib ki, ABŞ-ın USS George H.W. Bush döyüş qrupuna daxil olan qüvvələr, eləcə də USS Tripoli amfibiya hücum gəmisi son günlərdə baş verən hadisələrdən sonra Oman dənizini tərk edib.
İran Ordusunun Hərbi Dəniz Qüvvələrinin Əməliyyat Komandanlığının açıqlamasında bölgədəki Amerika fəaliyyətlərinin dəniz ticarətinə və təhlükəsizliyinə mənfi təsir göstərdiyi iddia olunub və zərurət yarandığı təqdirdə daha uzaq mənzilli raket sistemlərindən istifadə edilə biləcəyi vurğulanıb.
Açıqlamada həmçinin bölgədə dəniz təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyatların davam etdiriləcəyi qeyd edilib.