Əməliyyatlar nəticəsində ümumilikdə 127 nəfər saxlanılıb və düşmənin hərbi, iqtisadi və siyasi sabotaj planlarının qarşısı alınıb.
İslamazeri.com xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatı İranın Şərqi Azərbaycan, Kirman və Mazandaran əyalətlərində xarici kəşfiyyat xidmətləri ilə əlaqəli fəaliyyət göstərən casus və təxribat şəbəkələrini zərərsizləşdirib.
Əməliyyatlar nəticəsində ümumilikdə 127 nəfər saxlanılıb və düşmənin hərbi, iqtisadi və siyasi sabotaj planlarının qarşısı alınıb.
Rəsmi məlumata görə, həbs edilən şəxslər ABŞ, Böyük Britaniya və İsrailin kəşfiyyat orqanlarına bağlı olmaqda, habelə düşmənin gələcək hərbi hücumlarına zəmin hazırlamaq məqsədilə casusluq, iqtisadi qarışıqlıq və küçə iğtişaşları təşkil etməkdə ittiham olunurlar.
Əməliyyatların ən geniş miqyası Mazandaran və Kirman əyalətlərində həyata keçirilib. Mazandaran əyalətində monarxist cərəyanlara bağlı olan, sionist rejimlə əlaqəli və iqtisadi pozuculuqla məşğul olan 69 nəfər, Kirman əyalətində isə 51 nəfər saxlanılıb. Kirman qrupuna xarici kəşfiyyatla işləyən 3 casus qrupu, bəhailik cərəyanına bağlı 2 dəstə, monarxistlərin silahlı qrupu və xarici media orqanları ilə əməkdaşlıq edən 6 nəfər daxildir. Şərqi Azərbaycanda isə strateji obyektlərin koordinatlarını toplamaqla məşğul olan 7 nəfərlik monarxist terror qrupu ifşa edilib.
Əməliyyatlar zamanı saxlanılan şəxslərin gizləndikləri ünvanlardan xeyli miqdarda odlu və soyuq silahlar, həmçinin xüsusi rabitə avadanlıqları ələ keçirilib. İstintaqın gedişatında məlum olub ki, bu şəbəkələr birbaşa xarici ölkələrdəki əlaqələndiricilərin ("sarpol") tapşırıqları ilə hərəkət edərək, bazarda süni qiymət artımı yaratmaq və qaçaqmalçılıq yolu ilə ölkədə sosial gərginliyi artırmağa çalışıblar. Hazırda saxlanılan şəxslərlə bağlı hüquqi araşdırmalar davam etdirilir.