Gürcüstanın Patriarxı III Şio 17 may tarixində, Ailə Müqəddəsliyi Günündə toplaşmış əhaliyə müraciətində bəzi ifadələri etirazlara səbəb olub
İslamazeri.com xəbər verir ki, Gürcüstanın Patriarxı III Şionun açıqlaması əslində qeyri-gürcülər arasında etirazlara səbəb olub.
Yeni Patriarx nə demişdi?
Gürcüstanın Patriarxı III Şio çıxışında demişdi: “Müqəddəs Kitabdan bildiyimiz kimi, öldürülənlərin qanı Rəbbə intiqam üçün fəryad edir; əksinə, hər iki-üç ildən bir uşağın - Tanrı tərəfindən göndərilmiş bu mələyin doğulduğu yerdə isə xoşbəxtlik olur, çünki o, öz varlığı ilə ətrafındakı hər şeyi isidir, işıqlandırır və xeyir-dua bəxş edir. Çoxuşaqlı ailələrdən, valideynlərdən bildiyimiz kimi, başlanğıcda, ilk üç uşağa qədər daha çətindir, sonradan isə çətinliklər xeyli azalır və çoxuşaqlı ailəni idarə etmək daha asan olur. Biz bütün bunlar barədə düşünməsək, demoqrafik vəziyyətimizi düzəltməsək, ailənin möhkəmlənməsi, xilası və qorunub saxlanması qayğısına qala bilməsək, bizi real təhlükə gözləyir, cənnət kimi gözəl və füsunkar ölkəmizdə bizimlə bərabər uşaqları sevən, övladlarından imtina etməyən və öz dinlərini qoruyan başqa xalqlar məskunlaşacaqlar. Belə davam etsək, sayca gürcüləri üstələmələri təhlükəsi realdır. Buna görə də Rəbb bizə lütf bəxş etsin ki, ailənin xilası, ailə dəyərlərinin qorunması üçün çalışaq, əmək verək, fədakarlıq edək; ailəni, xalqımızı zərərli gender nəzəriyyələrindən və ideologiyasından qoruyacaq bir qanunvericiliyə sahib olaq. Bəzilərinin bizə etdiyi çağırışlara baxmayaraq, bu qanunvericilikdən imtina etməməliyik, əksinə, bu istiqaməti gücləndirməli və möhkəmləndirməliyik. Bu, ölkəmizin xilasının, çoxalmasının və Tanrının mərhəmətinin rəhnidir”.
“Lelo – Güclü Gürcüstan” partiyasının Marneuli rayon təşkilatının rəhbəri Aqil Mustafayevin bəyanatına görə, Gürcüstanın Patriarxı tərəfindən edilmiş bəyanat cəmiyyətdə soyuqluq, inciklik və etibarsızlıq yarada bilər.
“Mən hər hansı bir millətin və ya dini icmanın inkişafını təhlükə kimi təqdim edən fikirlərdən çox narahatam. Çünki biz bu ölkədə heç vaxt özümüzü əcnəbi hesab etməmişik. Tarix boyu Gürcüstanın gücü müxtəlif millətlər və dinlər arasında qarşılıqlı hörmət və qardaşlıq şəraitində olub. Azərbaycanlılar, gürcülər, ermənilər, müsəlmanlar, xristianlar, hamımız bu ölkənin vətəndaşlarıyıq və hamımız onun sabitliyi, inkişafı və təhlükəsizliyi üçün çalışırıq. Biz Gürcüstandakı hər bir vətəndaşın, hər bir ailənin güclü, sabit və təhlükəsiz olmasını istəyirik. Bu ölkədə yaşayan hər bir insanın rifahı bizim üçün eyni dərəcədə vacibdir. Cəmiyyətin inkişafı və demoqrafik dəyişikliklər qorxu ilə deyil, düzgün sosial və iqtisadi siyasətlə qiymətləndirilməlidir. Hər hansı bir millətin və ya icmanın mövcudluğu və böyüməsi təhlükə yaratmır, əksinə, bu dövlətin canlılığının, inkişafının və davamlı gücünün göstəricisidir. Gürcüstanın əsl gücü onun müxtəlifliyini qorxutmaqda deyil, bu müxtəlifliyi ədalət, hörmət və bərabərlik prinsipləri əsasında birləşdirməkdədir”, – Aqil Mustafayev yazıb.
Gürcüstanda yaşayan hüquq müdafiəçisi Samirə Bayramova da məsələyə rəy bildirib.
O deyib: “Bizim ölkəmizdə insanların bir-birini etnik mənsubiyyətinə görə ayırması çox ağrılıdır. Gürcüstanda istər azərbaycanlı olsun, istər erməni, istər kist və ya digər etnik qrupun nümayəndəsi – hamı bir ölkənin övladıdır, hamı Gürcüstan vətəndaşıdır. Sən demə “kimlərsə çoxalır, gürcülər yox” – deyəndə, bu yalnız səhv deyil, həmçinin də ayıbdır. Reallıq odur ki, demək olar ki, bütün azlıqların ailəsində 2 uşaqdır, maksimum 3 və o da çox vaxt yalnız o zaman, ki ailənin oğlan uşağı yoxdur, o zaman olur. Bu, ümumi sosial və iqtisadi vəziyyətin nəticəsidir və hər hansı bir etnosun “təqsiri” deyil. İkinci İlia məhz buna görə bütün millətləri sevirdi ki, bu, bir-birimizi bölünmə ilə deyil, birliklə necə görməli olduğumuzun nümunəsi idi."
Xalq Müdafiəçisi yanında Tolerantlıq Mərkəzinin keçmiş rəhbəri, ilahiyyatçı Beka Mindiaşvili də məsələyə rəy bildirib. O deyib:
"Bu, düşmənlərimizin bizi idarə etmək və ölkədə yenidən fəlakət yaratmaq üçün istifadə etdiyi ən dağıdıcı silahdır.
Sağlam düşüncəli hər bir insan, bütün inanclardan və etnik kimliklərdən olan hər bir gürcü vətənpərvər Şio Üçüncünün bugünkü çıxışını sərt şəkildə qınamalı və etiraz etməlidir. Çünki bu çıxış etnik ayrı-seçkilik xarakteri daşıyır, anti-xristian və anti-dövlət mövqeyidir.
Ümumiyyətlə, patriarxın, kilsə rəhbərinin ən yüksək kürsüdən etnik əsasda çoxalma məsələlərinə toxunması necə mümkündür?
Kilsənin heç bir müqəddəs müəllimi və ya müqəddəs atası etnik əsasda çoxalmanın vacibliyi barədə yazmayıb və moizə söyləməyib. Onlar bu məsələlərə ümumiyyətlə toxunmayıblar, çünki bu, ruhun xilas olması ilə əlaqəli deyil.”
Məlumatlar Aktual.ge, MarneuliFM-dən götürülüb.