Ayətullah Sistanidən ÇOX ÖNƏMLİ BƏYANAT

Ayətullah Sistanidən ÇOX ÖNƏMLİ BƏYANAT
Yayınlanma tarixi: 3/22/2026 12:36:37 PM

Ayətullah Sistanidən ÇOX ÖNƏMLİ BƏYANAT

İslamazeri.com xəbər verir ki, bəyanatda bildirilib:

Bağışlayan və Mehriban Allahın adı ilə

Ey mömin kişilər və qadınlar! Budur, bərəkətli orucluq, gecə ibadətləri və bəndəlik ayından sonra rəhmət və bağışlanma bayramı olan mübarək Fitr bayramı üzərimizə doğmuşdur. Bu gün ilahi mükafatlar günüdür; o gündür ki, Allah-Taala mələkləri qarşısında sizinlə fəxr edər. Əməllərinizin qəbul olunması münasibətilə sizi təbrik edirəm və Allahdan diləyirəm ki, bu bayramı bizə, sizə və bütün İslam ümmətinə xeyir, bərəkət və uğurla yenidən nəsib etsin.
Əzizlər, bayram sevinc və şadyanalıq mənaları ilə dolu olsa da, bu gün din və insanlıq qardaşlarımızın başına gələn bəlaları və müsibətləri gördükdə möminlərin qəlbi kədərdən paralanır. Biz şadyanalıqla ilahi nemətlərə təkbir dediyimiz halda, uşaqların fəryadı ucalır, yaslı anaların göz yaşları axır, İran və Livandakı dinc evlərin üzərində alovlar yüksəlir; halbuki bu iki ölkəyə qarşı hərbi təcavüz davam etməkdədir.
Biz bu zalımcasına müharibəni ən kəskin ifadələrlə pisləyir, bütün müsəlmanları və dünyanın azad insanlarını bu zülmü məhkum etməyə, məzlum İran və Livan xalqları ilə həmrəylik nümayiş etdirməyə çağırırıq. Həmçinin, bütün beynəlxalq nüfuzlu tərəflərdən və dünya ölkələrindən, xüsusilə də İslam ölkələrindən bu müharibənin dayandırılması üçün əllərindən gələni etmələrini xahiş edirik.
İlahi, biz Sənin dərgahına üz tutub yalvarırıq, Sən duaları eşidənsən.
Allahım, mömin kişiləri və qadınları harada olurlarsa olsunlar qoru, bəlanı onlardan uzaq et və onların sözünü haqq üzərində bir et.
Allahım, öz torpaqlarının müdafiəsi uğrunda canlarını fəda edən şəhidləri Sənə tapşırırıq, onları peyğəmbərlər və siddiqlərlə birgə ən ali dərəcələrə ucalt.
Allahım, onların ailələrinə səbir və rahatlıq bəxş et, yaralılarına şəfa ver və əsirlərini azad et.
Allahım, hər yerdə bizim xalqımızın (əhlimizin) dayağı ol və onları zalımlar üzərində qalib et.
Ey möminlər, iman yalnız iqrar və əqidə deyil, həm də saleh əməl, həmdərdlik və yardım etməkdir. Əzabların artdığı, zərərçəkənlərin və didərgin düşənlərin ehtiyaclarının çoxaldığı bu çətin şəraitdə bizim şəri və insani vəzifəmiz müsibətə düçar olmuş qardaşlarımıza yardım əli uzatmağımızı tələb edir.
Həzrət Ayətullah Sistaninin ofisindən nəql olunur:
"Ali Dini Mərcəiyyət İran və Livandakı zərərçəkənlərin ağrılarını azaltmaq üçün şəri hüquqlardan (xüms, zəkat və s.) istifadə olunmasına icazə vermişdir; bu iş Ali Mərcəiyyətin ofisləri kimi etibarlı yollarla həyata keçirilməlidir. Əgər kimsə şəxsən ehtiyac sahibini tanıyırsa, birbaşa hərəkətə keçə bilər."
Əzizlər, bayram Allahla əhdi yeniləmək, öz aramızda bağışlama və barışıq yaratmaq, qohumluq əlaqələrini (silileyi-rəhm) möhkəmləndirmək, yoxsul və ehtiyac sahiblərinə baş çəkmək üçün bir fürsətdir.
Hər nə qədər ətrafımızda baş verənlərə görə qəlbimiz kədərli olsa da, Allahın rəhməti genişdir, Onun lütfü yaxındır və əgər səbir edib təqvalı olsanız, köməyi mütləq yetişəcəkdir.
Bəyanatın sonunda deyilir:
Allahım, İmamımızın (ə.f) fərəcini (zuhurunu) təcil et, onun istəklərini yerinə yetir və bizi hər kiçik və böyük işdə onunla və ona tərəf olanlardan et. Bizi saniyənin hər bir cüzündə onunla və ona tərəf olanlardan, ona qulaq asan, itaət edən, tabe olan və "Səqaleyn"ə (Quran və Əhli-beyt) sarılanlardan et. Allahım, mömin kişiləri və qadınları bağışla. Rəbbimiz, haqq-hesab qurulan gün məni, valideynlərimi və möminləri bağışla. Rəbbim, məni, evimə mömin kimi daxil olanı, mömin kişiləri və qadınları bağışla, zalımların isə yalnız həlakını artır. Rəbbim, bu məkanı (ölkəni) əmin-amanlıq yeri et, onun əhlini və digər müsəlman ölkələrini müxtəlif səmərələrlə ruzi verilənlərdən et. Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Allahın salavatı olsun Məhəmmədə və onun pak ailəsinə.

GÜNÜN MANŞETLERİ