Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
İslamazeri.com xəbər verir ki, təbrikdə deyilir:
"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Sizi hərb tariximizin ən şanlı səhifəsi sayılan 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram. Ölkənin suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün müdafiə edilməsi və təhlükəsizliyinin təminatçısı olan Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi önə çəkilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımların nəticəsidir.
Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uğurlu siyasəti sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisəediləcək səviyyədədir. Bu, hər birimizi sevindirir və qürurlandırır. Ali Baş Komandan İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğısının nəticəsidir ki, ölkənin müdafiə qabiliyyəti gündən-günə artaraq xalq-dövlət-ordu monolit birliyə, sarsılmaz bir qalaya çevrilib.
Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi daxil edildi.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
3 avqust və 12-14 sentyabr 2022-ci il tarixlərində Ermənistan silahlı birləşmələrinin yenidən sərhəddə törətdiyi genişmiqyaslı təxribatlarının qarşısı Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri ilə alındı.
Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.
Hər zaman olduğu kimi, bu bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, unudulmaz xatirələrini əziz tuturuq. Eyni zamanda, şəhid ailələrini və torpaqlarımızın müdafiəsində əzmlə dayanaraq hərbi əməliyyatlar zamanı sağlamlığını itirən döyüşçülərimizi, veteranlarımızı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Bir daha 8 Noyabr - Zəfər Günü münasibətilə şəxsi heyəti ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram. Bayramınız mübarək olsun!".