Yayınlanma tarixi: 5/11/2026 11:11:10 PM
Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov Gürcüstanın yeni Patriarxını təbrik edib
İslamazeri.com xəbər verir ki, təbrik mesajında deyilir:
"Gürcüstan Pravoslav Kilsəsinin yeni Katolikos-Patriarxı olaraq III Şio Mujiri həzrətlərinin seçilməsi münasibətilə səmimi təbriklərimizi çatdırırıq.
Bu mühüm və məsuliyyətli vəzifəyə seçilməyinizi Gürcüstanın dini-mənəvi həyatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirir, Uca Allahdan Sizə hikmət, möhkəm iradə və uğurlu xidmət nəsib etməsini diləyirik.
Əsrlər boyu müxtəlif dinlərin, millətlərin və mədəniyyətlərin qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı Gürcüstanda dinlərarası dialoq, qarşılıqlı etimad və mənəvi həmrəylik xüsusi əhəmiyyət daşıyır. İnanırıq ki, Sizin rəhbərliyiniz dövründə də xalqlarımız arasında dostluq, qardaşlıq münasibətləri, dini tolerantlıq və ümumbəşəri insani dəyərlər daha da möhkəmlənəcəkdir.
Müsəlman və xristian icmaları arasında qarşılıqlı ehtiramın, birgə əməkdaşlığın və sülh mədəniyyətinin inkişafı regionumuzda sabitlik və mənəvi birlik üçün mühüm töhfədir. Bu müqəddəs missiyada Sizə uğurlar arzulayır, Gürcüstanın rifahı, ərazi bütövlüyü və xalqının əmin-amanlığı naminə dualar edirik.
Uca Allahdan Sizə uzun ömür, möhkəm can sağlığı və xeyirli xidmət diləyirik."