Bu bazar günü İsrail hökuməti ilk dəfə olaraq erməni soyqırımının rəsmi şəkildə tanınması məsələsinə baxacaq.
İslamazeri.com xəbər verir ki, İsrailin Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, belə bir təşəbbüslə ölkənin xarici işlər naziri Gideon Saar çıxış edib. Əgər Nazirlər Kabineti bu təklifi dəstəkləsə, sənəd daha sonra baxılması və təsdiqlənməsi üçün Knessetə (İsrail parlamenti) təqdim olunacaq.
"The Times of Israel" nəşrinin yaydığı məlumata istinadən, İsrail hökuməti bu bazar günü ölkə tarixində ilk dəfə olaraq qondarma erməni soyqırımının rəsmi şəkildə tanınması layihəsinə baxacaq. İsrail Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Gideon Saarın təşəbbüsü ilə irəli sürülən bu təklif Nazirlər Kabineti tərəfindən dəstəklənərsə, yekun qərar üçün ölkə parlamenti olan Knessetə göndəriləcək. Sənədin izahat qeydində bu addım "mənəvi və tarixi borc" kimi qiymətləndirilir və bu mövzuda Türkiyə tərəfinin mövqeyi kəskin tənqid olunur.
Mütəxəssislərin fikrincə, rəsmi Təl-Əvivin uzun illər boyu ehtiyatla yanaşdığı və yayındığı bu mövzunu indi səsverməyə çıxarması regional geosiyasi tarazlıqlara, xüsusilə də onsuz da gərgin olan İsrail-Türkiyə münasibətlərinə ciddi zərbə vura bilər. Türkiyə tərəfi isə XX əsrin əvvəllərində baş vermiş kütləvi qətliam və deportasiyaların "soyqırımı" kimi qələmə verilməsini qətiyyətlə rədd edir.
Bu addım Azərbaycana da ünvanlanıbmı?
İsrail hökumətinin qondarma "erməni soyqırımı" məsələsini rəsmi səsvermə müstəvisinə çıxarması, ilk baxışda yalnız Təl-Əviv və Ankara arasındakı gərginlik kimi görünsə də, əslində bu qərarın hədəf oxlarından biri də birbaşa Azərbaycandır. Bu addım rəsmi Bakıya qarşı yönəlmiş sərt bir diplomatik etiraz və təzyiq mexanizmi kimi də qiymətləndirilə bilər.
Xüsusilə son dövrlərdə CNN başda olmaqla, qərb mediasında "Azərbaycanın İrana qarşı əməliyyatlarda İsrailə öz hava və quru məkanını açması" barədə yayılan iddialar fonunda bu hadisə tamamilə fərqli bir rəng alır. Real mənzərə ondan ibarətdir ki, Azərbaycan öz suverenliyi və milli təhlükəsizlik maraqları çərçivəsində, üçüncü bir dövlətə qarşı öz torpaqlarından istifadə edilməsinə qəti şəkildə rədd cavabı verib. Təl-Əvivin erməni iddialarını məhz indi rəsmi dövlət səviyyəsinə qaldırması, Bakının bu qətiyyətli və müstəqil mövqeyinə qarşı bir növ "siyasi qisas" cəhdi təsiri bağışlayır.
Burada ən mühüm məntiqi sual ortaya çıxır: Əgər iddia edildiyi kimi, Azərbaycan İsrailə İran məsələsində hər hansı bir gizli kömək etmiş olsaydı, İsrail bunu niyə bu şəkildə üzə çıxarır və medianın gündəminə gətirilməsinə göz yumurdu? Beynəlxalq mediada və informasiya məkanında nəhəng nüfuza və gücə sahib olan İsrail, reallıqda belə bir strateji müttəfiqliyi və gizli əməliyyatları ifşadan qorumaq üçün bütün imkanları ilə senzuralaşdırar və tamamilə gizli saxlayardı. Faktların bu cür manipulyasiya edilməsi və dərhal ardınca erməni kartının masaya yatırılması sübut edir ki, İsrail Bakıdan istədiyi güzəştləri ala bilməyib.
İsrailin siyasi konyunkturadan asılı olaraq atdığı bu addım, Azərbaycanın xarici siyasətindəki strateji reallıqları zərrə qədər də dəyişmir. Azərbaycanın mövqeyi bu mövzuda hər zaman olduğu kimi birmənalı olaraq qardaş Türkiyənin yanında olacaqdır.
Prinsip etibarı ilə, qondarma "erməni soyqırımı" iddiaları təkcə qardaş ölkəni deyil, həm də birbaşa Azərbaycanı hədəf alan vahid bir erməni strategiyasıdır. Çünki erməni millətçiləri tarix boyu Azərbaycana qarşı real soyqırımları və kütləvi qətliamlar (Xocalı faciəsi, Mart soyqırımı və s.) törədiblər.
Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etsə də, bu saxta iddialara qarşı mübarizə və Türkiyə ilə müştərək xarici siyasət xətti ölkəmiz üçün tarixi, mənəvi və strateji bir qırmızı xətdir. Rəsmi Bakının bu prinsipial duruşu heç bir regional təzyiqdən və ya media manipulyasiyasından asılı olmayaraq sarsılmazdır.