Tramp İsrailin müstəqillik gününə getməkdən imtina etdi

Tramp İsrailin müstəqillik gününə getməkdən imtina etdi
Yayınlanma tarixi: 4/14/2026 5:30:01 PM

Tramp hətta onlayn olaraq da mərasimə qatılmayacağını deyib

İslamazeri.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp aprelin 22-də, "Müstəqillik Günü"ndə Qüdsdə keçiriləcək İsrail Mükafatının təqdimetmə mərasiminə gəlməyəcək.

Aprelin 14-ü, çərşənbə aqşamı məlum olduğu kimi, Tramp mərasimə onlayn qatılmaqdan da imtina edib. İsrail rəhbərliyi mükafatı ABŞ prezidentinə İsrailə rəsmi səfəri zamanı, ayrıca bir mərasimlə təqdim etmək qərarına gəlib.

Bundan əvvəl Qüdsdəki mərasimə müğənni Noa Kirel dəvət olunmuşdu; o, Trampın nəvəsi Arabella Rouz Kuşner ilə birlikdə çıxış etməli idi. İndi müğənninin iştirakı ləğv edilib. Bununla belə, mükafatların təqdimatı zamanı ABŞ prezidentinin xidmətlərinin qeyd olunması və onun haqqında videoçarxın nümayişi planlaşdırılır.

Qeyd olunur ki,  Ağ Ev prezidentin səfərinin ləğvi ilə bağlı Qüdsə rəsmi bildiriş göndərməyib. Lakin İsraildə anlayırlar ki, İranla atəşkəs müddətinin bitməsindən cəmi bir gün sonra Trampın təntənəli tədbirdə iştirak ehtimalı sıfıra bərabərdir.

Mərasim də keçirilməyəcək...

Gözlənildiyi kimi, İsrail Mükafatının təqdimetmə mərasimi əvvəlcədən, tamaşaçısız yazılacaq. Çəkiliş yaxın bazar günü, aprelin 19-na təyin edilib. Bu ehtiyat tədbiri hərbi əməliyyatların bərpa olunma təhlükəsi ilə bağlıdır ki, bu da mərasimin tamaşaçıların iştirakı ilə keçirilməsinə və canlı yayımın təşkilinə imkan verməyə bilər. Çəkilişdə Prezident İsxak Hersoq, Knesset sədri Amir Ohana və təhsil naziri Yoav Kiş iştirak etməlidir. Baş nazir Benyamin Netanyahu isə ötən il olduğu kimi, bu il də mərasimdə iştirak etməyəcək.

Hələlik Qüdsdə xaricdən başqa bir ali qonaq gözlənilir. Bu, aprelin 21-i axşam İsrailin müstəqilliyinin 78-ci ildönümü şərəfinə keçirilən təntənəli mərasimdə məşəli yandırmaq şərəfi verilmiş Argentina Prezidenti Xavyer Mileydir. O, səfərini hələ İranla atəşkəs elan olunmamışdan əvvəl təsdiqləyib və aprelin 18-də ölkəyə gəlməlidir. Səfər proqramına Argentinanın Qüdsdəki səfirliyinin açılışı da daxildir.

GÜNÜN MANŞETLERİ