Milli Qəhrəmanımz Şahin Tağıyevin nəşi İsveçdən vətənə gətirilməsi üçün Azərbaycan Diaspora Komitəsi lazımi tədbirlər görür
İslamazeri.com xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.
"Bu dəqiqələrdə rəhmətlik Milli Qəhrəmanımız Şahin Tağıyevin gəlini Nigar xanım Tağıyevə ilə əlaqə saxladım. Nigar xanımın bildirdiyinə görə Azərbaycan Diaspora Komitəsi Şahin Tağıyevin nəşinin ölkəyə gətirilməsi üçün lazım olan tədbirləri görür. Sadəcə bu proses çox mürəkkəb olduğundan və bayram günlərinə düşdüyündən obyektiv gecikmələr var. Onu bildirim ki, şərhlərdə bəzi insanlar bilmədiklərindən az qala doğmalarını diqqətsizlikdə ittiham etməyə çalışırlar. Rəhmətlik Şahin özü də doğmalarının diqqətindən həmişə razılığını bildirib. Onun qocalar evində rəhmətə getməsi isə İsveçdə qocalar evində olan qayğının bizdən köklü şəkildə fərqlənməsidir. İsveçdə qocalar evində yaşlı insanlar üçün yaradılan şərait heç bir yerdə yoxdur.
İnanıram ki, hakimiyyət rəsmiləri Bakıda Milli Qəhrəmanımız Şahin Tağıyevin layiqli dəfn mərasimini və yerini təşkil edəcək. Allah rəhmət eləsin!", -deyə o bildirib.
Əslən Şuşadan olan Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub.
Kiçik yaşlarından Bakıya köçüb, uşaqlıq illəri Bakının Bülbülə qəsəbəsində keçib, burada böyüyüb. Bülbülə qəsəbəsindəki 208 saylı məktəbə gedib və beşinci sinfə qədər burada təhsil alıb. Yarımçıq qalmış təhsilini 12 saylı internat məktəbində davam etdirib. Daha sonra Energetika texnikumuna daxil olub. 1969-cu ildə texnikumu bitirib və təyinatla Rusiyaya - Udmurt vilayətinə göndərilib.
Gənc yaşlarında Rusiya və Azərbaycanda əvvəlcə energetika, sonra ticarət sahələrində işləyib. 1988-ci ildən milli azadlıq hərəkatının fəal iştirakçısı olub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə gedib, leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə qatılıb.
1992-ci ildə həmin bölüyün bazasında yaradılan “Qurtuluş” batalyonunun komandiri olub. Özü və rəhbərlik etdiyi batalyon bir sıra döyüşlərdə, o cümlədən Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında xüsusi qəhrəmanlıq göstərib.
Tərtər, Seysulan, Yarımca, Levonarx döyüşlərində iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə ona Milli Qəhrəman adı verilib.

Şahin Tağıyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən ilk 4 nəfərdən biridir.
1993-cü ilin martında döyüşlərin birində ağır yaralanıb, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik-leytenant rütbəsində Ordudan tərxis olunub.
Şahin Tağıyev atəşkəs dövründə də Qarabağın azadlığı naminə fəaliyyətini davam etdirib. 1998-ci ildə Qarabağ Koordinasiya Şurasının işində fəal iştirak edib. Qarabağ Azadlıq Təşkilatının yaradıcılarından olub, 2000-ci ildə Qarabağ Azadlıq Təşkilatının bərpa qurultayında Ali Məclis üzvü, sədr müavini seçilib.
2001-ci ildən Azərbaycandan Avropaya mühacirət edib, İsveçə köçüb.
Ş.Tağıyev ailəsi ilə birgə hazırda İsveçdə yaşayıb. Bir oğlu, bir qızı, nəvələri var.
Milli Qəhrəman təqaüdçü idi.
2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başlayarkən Şahin Tağıyev səhhətilə əlaqədar Azərbaycana gələ bilməyib, oktyabr ayında Vətən müharibəsinə dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 1500 manat məbləğində vəsait köçürüb.
Milli Qəhrəmanın ən böyük arzusu Şuşadakı ata yurdunu ziyarət etmək idi. O, 2023-cü ilin noyabrında bu arzusuna qovuşdu. İsveçdən Vətənə gələn Ş.Tağıyev Şuşaya gedərək, şəhəri ziyarət edib. Şuşadakı Vaqif məqbərəsinin yanında çəkdirdiyi şəklini sosial şəbəkədə paylaşıb.
Ş.Tağıyev 2023-cü ildə Xankəndidə keçirilən hərbi paraddan sonra Zəfər Bayramı münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevi təbrik etmişdi.
Daha sonra o, yenidən Azərbaycandan İsveçə qayıtmışdı.
Şahin Tağıyev insult və infarkt keçirəndən sonra səhətində ciddi problem yaranmışdı.
Onun nəşi dəfn edilmək üçün İsveçin Malmö şəhərindən Bakıya gətiriləcək.
Allah rəhmət eləsin.