Bazar ertəsi günü İsrail qüvvələrinin açdığı atəş nəticəsində daha iki Fələstin vətəndaşı həyatını itirib.
İslamazeri.com xəbər verir ki, oktyabrın 10-da imzalanmış atəşkəs razılaşmasına baxmayaraq, İsrail qüvvələrinin Qəzza zolağındakı hərbi əməliyyatları davam edir. Bu gün, bazar ertəsi günü İsrail qüvvələrinin açdığı atəş nəticəsində daha iki Fələstin vətəndaşı həyatını itirib.
Qəzza Mülki Müdafiə İdarəsinin məlumatına görə, Qəzza şəhərinin Şücaiyyə məhəlləsində İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) hədəfə aldığı bir mülki şəxs şəhid olub. Şücaiyyə məhkəməsi yaxınlığında isə digər bir fələstinli işğalçı qüvvələrin açdığı atəşlə qətlə yetirilib.
İsrail ordusu Qəzzanın müxtəlif bölgələrinə, o cümlədən cənubda Rəfah və Xənyunus şəhərlərinə hava və artilleriya zərbələri endirməyə davam edir. Eyni zamanda, Cəbaliyə düşərgəsinə doğru irəliləyiş və binaların partladılaraq məhv edilməsi əməliyyatları bərpa olunub.
Qəzza Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabrından bu yana davam edən hərbi əməliyyatların və soyqırım siyasətinin acı nəticələrini açıqlayıb. Son statistikaya görə:
-
Şəhid sayı: 70 937 nəfər
-
Yaralı sayı: 171 192 nəfər
-
Atəşkəsdən (10 oktyabr) sonrakı itkilər: 405 ölü, 1115 yaralı.
Xəstəxanalarda vəziyyət
Nazirlik xəstəxanalarda tibbi ləvazimatların tükəndiyini bəyan edib. Dərman ehtiyatlarında 52%, digər tibbi sərfiyyat materiallarında isə 71% kəsir yaranıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ciddi xəbərdarlıq edərək bildirib ki, 2026-cı ilin aprelinədək 100 mindən çox uşaq və 37 min hamilə qadın kəskin qida çatışmazlığı ilə üzləşə bilər. Qəzzada aclıqla mübarizə səyləri hələ də "çox kövrək" vəziyyətdədir.




