Yeni mexanizmə əsasən, bütün mallar və xidmətlər üçün valyuta eyni məzənnə ilə təmin olunur
İslamazeri.com xəbər verir ki, İranda ticarət valyuta bazarında ABŞ dollarının rəsmi həvalə qiyməti enişə keçib.
İran Valyuta və Qızıl Mübadilə Mərkəzinin məlumatına görə, dolların həvalə üzrə satış qiyməti 122 min 879 tümən təşkil edib ki, bu da əvvəlki günlərlə müqayisədə azalma deməkdir.
Son aylarda ölkədə baş verən ictimai etirazlar və siyasi qeyri-müəyyənlik fonunda dollar bazarında kəskin bahalaşma müşahidə olunmuşdu. Həmin dövrdə artan risklər, əhalinin dollarlaşmaya yönəlməsi və spekulyativ tələbat nəticəsində dolların qiyməti 138 min tümənə qədər yüksəlmişdi.
Hazırkı ucuzlaşma isə hökumət və Mərkəzi Bankın həyata keçirdiyi vahid məzənnə siyasəti ilə əlaqələndirilir. İqtisadi terminologiyada “valyuta məzənnələrinin vahidləşdirilməsi” (exchange rate unification) adlanan bu model çərçivəsində rəsmi və qeyri-rəsmi məzənnələr aradan qaldırılıb, valyuta təminatı isə yalnız Valyuta və Qızıl Mübadilə Mərkəzinin həvalə zalı üzərindən həyata keçirilir.
Yeni mexanizmə əsasən, bütün mallar və xidmətlər üçün valyuta eyni məzənnə ilə təmin olunur. Bu isə bazarda arbitraj imkanlarını məhdudlaşdırıb, spekulyativ alqı-satqını azaldıb və valyuta təklifinin artmasına səbəb olub. Nəticədə dollar bahalaşma trendindən çıxaraq korreksiya mərhələsinə daxil olub.