GMI-nin yeni Şeyxi Hacı Faiq Nəbiyev kimdir?

GMI-nin yeni Şeyxi Hacı Faiq Nəbiyev kimdir?
Yayınlanma tarixi: 1.12.2023 20:08:51

Bu gün Gürcüstan Müsəlmanlar İdarəsinin Ali Şurası yeni şeyx seçib.

İslamazeri.com xəbər verir ki, namizədlər “Alul Beyt” təşkilatının rəhbəri Hacı Faiq Nəbiyev, Marneuli Qızılhacılı İmam Həsən məscidinin axundu Hacı Qurban Murquzov və Muslimmedia-nın rəhbəri Hacı Vidadi Qurbanov olub.

Üç namizədin iştirak etdiyi səsvermədə Hacı Faiq Nəbiyev şeyx seçilib.

Gürcüstanın yeni Şeyxi Hacı Faiq Nəbiyev kimdir?

Faiq Teymur oğlu Nəbiyev 11.04.1977-ci ildə Gürcüstanın Marneuli şəhərində anadan olub.

Təhsilini Marneulinin 4 saylı məktəbində rus dilində başlayıb, elə bu məktəbdən 1994-cü ildə məzun olub.

İlk ilahiyyat təhsilini Azərbaycanın Gəncə şəhərində, “Gəncə Mədrəsəsi”ndə alıb.

Təhsilini davam etdirmək üçün İran İslam Respublikasının Qum şəhərində Dini Hövzə, həmçinin Beynəlxalq Əl-Mustafa Universitetində 5 il müddətində təhsil alıb.

1999-cu ildə Gürcüstana qayıtdıqdan sonra Tbilisi Cümə Məscidinin nəzdində təsis olunmuş “İmam Əli Mədrəsəsi”ndə müəllim, daha sonra müdir olaraq fəaliyyət göstərib.

2001-ci ildə “Alul Beyt” Dini Mədəni Maarif Mərkəzi təsis olunduqdan sonra bu günə kimi mərkəzdə müdir vəzifəsində çalışıb.

Bu illər ərzində Alul Beyt nəzdində böyük kitabxananı təsis edib.

Azyaşlılar və yeniyetmələrin əxlaqi dəyərlər, həmçinin Dini təlimlərin təbliğində böyük rolu olan “Müctəba” Jurnalını təsis edir və jurnalın baş redaktoru olur. Jurnal gürcü və azərbaycanca nəşr olunub.

Fəaliyyət illərində İmam Hüseyn (ə) məscidinin tikintisi, bir çox məscidlərin təmiri, gümbəzinin qoyulması, istilik sisteminin çəkilməsi, həmçinin Marneulidə Seyidlər İmamzadəsinin zərihinin qoyulmasını təşkil edib.

Faiq Nəbiyev bundan başqa gənc və yeniyetmələrin ali məktəblərə qəbul olması üçün dəstək də verib.

Belə ki, Alul Beyt Mərkəzində ümumilikdə 225 nəfərin Dövlət Universitetlərinə qəbul olunması üçün hazırlıq kursları onun tapşırığı ilə yaradılıb.

Faiq Nəbiyevin faəliyyət illərində müxtəlif yardım aksiyalarının təşkili, digər yardım aksiyalarına dəstəyi və s. xeyirxah işlərini də qeyd etmək olar.

Bütöv Gürcüstan Müsəlmanları İdarəsinin Ali və Elmi Şurasının üzvüdür. Bir çox beynəxalq tədbir və konfranslarda iştirak edib.

Rəhbərlik etdiyi “Alul Beyt” Mərkəzinin akt zalı və konfrans salonunda Gürcüstanda keçirilən bir çox dini və mədəni tədbirlərin keçirilməsinə dəstək vermişdir.

2020-ci ildə “Shafaqna” Beynəxalq Xəbər Agentliyinin Azərbaycandilli şöbəsinin, 2022-ci ildə isə rusdilli şöbəsinin açılmasında birbaşa danışıqlar aparmış və fəaliyyətə başlamasına nail olmuşdur.

Ərəb, fars, rus dillərini bilir. Həcc, Kərbəla və Məşhəd ziyarətlərində olub.

Evlidir, üç övladı var.

Qeyd edək ki, Faiq Nəbiyev Marneulinin Baş Axundu Hacı Əziz Nəbiyevin qardaşıdır.

GÜNÜN MANŞETLERİ