FHN Bakı metrosunda təlim keçirib

FHN Bakı metrosunda təlim keçirib
Yayınlanma tarixi: 2.12.2022 17:08:12

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin dəmir-beton konstruksiyaları istehsalatı sahəsində təlim keçirilib.

FHN-dən "İslamazeri.com"a verilən məlumata görə, təlimin mövzusu istehsalat sahəsinin ərazisində baş vermiş şərti yanğının “söndürülməsi” olub.

Əvvəlcə, baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə “yanğının söndürülməsinə başlanılıb” və FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana operativ çataraq qısa müddətdə “yanğını söndürüblər”.

Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.

GÜNÜN MANŞETLERİ