Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev Gürcüstan Pravoslav Kilsəsinin yeni seçilən Katolikos-Patriarxı Mitropolit Şio Mujirini təbrik edib.
İslamazeri.com xəbər verir ki, təbrikdə mətnində deyilir:
“Möhtərəm Patriarx!
Sizi Gürcüstan Pravoslav Kilsəsinin rəhbəri — 142-ci Katolikos-Patriarx vəzifəsinə seçilməyiniz münasibətilə şəxsən öz adımdan ən səmimi hisslərlə təbrik edir, bu şərəfli və məsuliyyətli mənəvi xidmətinizdə Sizə Uca Tanrıdan hikmət, cansağlığı və sarsılmaz iradə diləyirəm.
Bu mühüm tarixi məqamda, mərhum Patriarx II İliyanın Gürcüstan dövlətçiliyinin möhkəmlənməsində, xalqın milli-mənəvi bütövlüyünün qorunmasında və müxtəlif inanclar arasında qarşılıqlı hörmət mühitinin yaradılmasında göstərdiyi böyük xidmətləri dərin ehtiramla yad edirəm. İnanıram ki, Onun illər boyu formalaşdırdığı sülh və tolerantlıq irsi Sizin rəhbərliyinizlə daha da zənginləşəcəkdir.
Sizin müdrik rəhbərliyiniz dövründə Gürcüstanda yaşayan bütün dini etiqad sahiblərinin vahid vətən naminə nümayiş etdirdiyi mənəvi vəhdətin, dinlərarası səmimi dialoqun və ictimai həmrəyliyin daha da möhkəmlənəcəyinə əminliyim tamdır. Ortaq vətənimiz Gürcüstanın tərəqqisi, sabitliyi və rifahı üçün dini dəyərlərimizin verdiyi güclə birliyimizi qorumaq, ölkəmizi sevmək və dövlətçilik ənənələrimizə sadiq qalmaq hər birimizin ali vəzifəsidir. Sizinlə quracağımız səmimi əməkdaşlıq və qarşılıqlı etimadın ölkəmizdəki bütün inanc sahiblərinin bir ailə kimi yaşamasında mühüm rol oynayacağına inanıram.
Tanrıdan çoxəsrlik mehriban birgəyaşayış ənənələrinə sahib olan Gürcüstanımızı daim qorumasını, xalqımıza birlik, firavanlıq və bərəkət nəsib etməsini diləyirəm.
Dərin hörmət və dualarla.”