Yol polisi hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ edib

Yol polisi hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ edib
Yayınlanma tarixi: 13.12.2023 16:15:25

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hazırda respublika ərazisində yağışlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Bu barədə "İslamazeri.com"a BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, hazırda hökm sürən yağışlı hava şəraiti hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaratmaqla yanaşı, yollarda qəza riskini də əhəmiyyətli dərəcədə artırır.

Qeyd olunub ki, yağışlı, çiskinli havalarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının artması, sürücülərin görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtləri yol-nəqliyyat hadisəsinin baş verməsinə real zəmin yaradır:

"Mövcud hava şəraitini nəzərə alaraq, hər bir hərəkət iştirakçısı daha məsuliyyətli olmalı, yol hərəkəti qaydalarına qeyri-şərtsiz əməl etməlidir. Xüsusilə, sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan artıq saxlamalı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də dövlət nömrə nişanlarının təmizliyinə nəzarət etməli, yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmalı, ətrafdakı insanları nəzərə almalıdırlar. Unutmaq olmaz ki, su gölməçələri şinlərin yerlə təmasını azaldır ki, bu da avtomobilin sürüşmə ehtimalını əhəmiyyətli dərəcədə artırır. Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də bir sıra çətinliklər yaratdığını qeyd etməklə yanaşı, təhlükəsizlik baxımından onları da məsuliyyətli olmağa çağırır, tələskənliyə yol verməməyi, səki ilə hərəkət etməyi, avtomobil yollarına çıxmamağı tövsiyə edirik".

GÜNÜN MANŞETLERİ