Nazirdən son zamanlar məktəblərdəki zəhərlənmə hallarına münasibət

Nazirdən son zamanlar məktəblərdəki zəhərlənmə hallarına münasibət
Yayınlanma tarixi: 26.04.2023 13:47:59

Bu barədə jurnalistlərə açıqlama verən nazir heç bir məktəbin belə hallardan sığortalanmadığını deyib.

Elm və təhsil naziri Emin Əmrullayev son zamanlarda məktəblərdə baş verən zəhərlənmə hallarına münasibət bildirib.

İslamazeri.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən nazir heç bir məktəbin belə hallardan sığortalanmadığını deyib:

"Çalışırıq ki, hər bir hadisəni müvafiq olaraq təhlil edək və gələcəkdə təkrarlanmasının qarşısını alaq. Son zamanlarda təhsil müəssisələrində qidalanma ilə baş verən xoşagəlməz halların Elm və Təhsil Nazirliyinə müəyyən qədər aidiyyəti var. Son baş verən hadisələrin biri qida zəhərlənməsi, digəri isə toksikoloji haldır. Qida məsələsi məktəblərdə iki yolla tənzimlənir.

Bunlardan biri bufetlərdir. Bura özəl sektorların birgə fəaliyyəti əsasında qurulur. Onlar da aidiyyəti dövlət qurumlarının nəzarəti altında olur. Məsuliyyət nəzarət altına alınmaqla müəyyən edilmiş siyahıya uyğun müvafiq qidaların məktəbdə satışını təmin edirlər.
İkinci model isə daha çox internat tipli məktəblərdədir. Burada uşaqlara gündə 4 dəfə verilən qidalar pulsuzdur. Biz əsasən uşaqlara verilən qidaların keyfiyyətli olmasına nəzarət edirik. Sanitar, gigiyenik qaydalara nəzarət müvafiq quruma aiddir. Bu il bir dəfə zəhərlənmə halı baş verdi və həmin məsələ araşdırılır. Müvafiq qaydada tədbirlər görülür".

Nazir deyib ki, Azərbaycanda həm xüsusi mühafizə olunun, eyni zamanda polis tərəfindən mühafizə edilən məktəblər var, həm də bütün məktəblərdə ən azı həyəcan düyməsi yerləşdirilib:

"Bu istiqamətdə müvafiq təlimlər də keçirilir. Məktəblərin təhlükəsizliyi baxımından ən uğurlu layihəmiz "Məktəblinin dostu"dur. Artıq yüzdən çox məktəbdə bu layihə icra olunur. Bundan əvvəl məktəbdə zəhərlənmə halı baş verdikdə ilk müdaxiləni məktəb rəhbərliyi ilə yanaşı "Məktəblinin dostu" etmişdi. Bu layihənin əhatə dairəsinin genişləndirilməsinin tərəfdarıyıq. Nəzərə almaq lazımdır ki, ölkədə bir milyona yaxın şagird təhsil alır. Məktəblərdə xoşagəlməz hallardan sığortalanmamışıq. Bu yolla gələcəkdə bu kimi hallarıb qarşısını almaq üçün necə addımlar atmalı olduğumuzu bilərik".

GÜNÜN MANŞETLERİ