FHN azad olunmuş ərazilərə daxil olmaq istəyənlərə müraciət edib

FHN azad olunmuş ərazilərə daxil olmaq istəyənlərə müraciət edib
Yayınlanma tarixi: 19.04.2023 14:52:50

FHN azad olunmuş ərazilərə daxil olmaq istəyənlərə müraciət edib.

Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə, ərazilərin minalanması zamanı heç bir standart, norma gözləməyib və ərazilər çox ciddi şəkildə minalanıb.

İslamazeri.com xəbər verir ki, bunu FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının bölük komandiri baş leytenant Səbuhi Sarıyev deyib. Onun sözlərinə görə, bütün bunlara baxmayaraq ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir. Bildirilib ki, qarşılıqlı əməkdaşlıq şəraitində müharibə qalıqları ilə çirklənmiş ərazilər aidiyyəti qurumların əməkdaşları ilə qarşılıqlı fəaliyyət prinsipləri əsasında təmizlənir: “İşğaldan azad olunmuş ərazilərdə qeyd olunanlara paralel olaraq quruculuq işləri də sürətlə davam etdirilir. 30 ildir doğma ata-baba yurdlarından didərgin düşmüş məcburi köçkünlərimizin, ərazilərə səfər edəcək vətəndaşlarımızın tam təhlükəsiz yaşaması üçün dövlət əlində olan bütün imkanlardan istifadə edir ki, ərazilərdə heç bir maneə qalmasın.

Bunun üçün bu gün bölgəyə yaxın ərazilərdə məskunlaşmış vətəndaşlarımıza göstərdikləri səbir və təmkinə görə, bu prosesdə dövlətimizin yanında olduqlarına görə təşəkkürümüzü bildiririk. Quruculuq işlərində iştirak edən şəxsləri, ərazilərdə ehtiyatlı olmağa, müəyyən olunmuş, təmizlənmiş yollardan istifadə etməyə, xüsusi işarələnmiş zolaqlardan çıxmamağa çağırırıq. Təbii ki, qeyri-qanuni yollarla da ərazilərə keçən və keçmək istəyərkən müəyyən olunan vətəndaşlarımız da az deyil. Bir daha müraciət edərək xahiş edirik ki, bu cür səfərlərdən çəkinsinlər, qanunsuz yollarla ərazilərə keçməsinlər. Mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar, ərazinin minalı olmasını göstərən amillər gördükdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat versinlər. Partlayıcı qurğuların qurbanına çevrilməyək”.

GÜNÜN MANŞETLERİ