Deputat Vahid Əhmədov İntizam Komissiyasına verilib

Deputat Vahid Əhmədov İntizam Komissiyasına verilib
Yayınlanma tarixi: 25.04.2023 15:55:24

Deputat Vahid Əhmədov İntizam Komissiyasına verilib.

“Bu yaxınlarda həmkarımız Vahid Əhmədov mətbuatda xoşagəlməz müsahibə verib. Bloqerin suallarının təsiri altına düşən həmkarımız dövlətin həyata keçirmiş olduğu fundamental məsələlərə şübhə toxumu səpməyə çalışıb”.

“İslamazeri.com” xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

“Məni narahat edən millət vəkilinin Azərbaycan dövlətçiliyinə təhdidləri, qərəzli münasibətləridir”, – deyə deputat əlavə edib.

Millət vəkili Razi Nurullayev də Vahid Əhmədovu tənqid edib: “Vahid Əhmədovun tərbiyəsiz bir şəxsə müsahibə verməsini, orada deputatların aşağılanmasına rəvac verməsini şiddətlə qınayıram. Onun bu müsahibəsini və fikirlərini Parlamentə və onun deputatlarına qarşı açıq-aydın təhdid kimi qiymətləndirirəm.

O tərbiyəsiz şəxs (Mehman Hüseynov – red.) bir neçə ay öncə parlamentin önündə video çəkib göstərmişdi. Bu, açıq-aydın ən eybəcər təhqirdir. Belə çıxır ki, deputat Vahid Əhmədov da onunla razıdır. Bu gündən Vahid Əhmədovu onun təhqir, təhdid və şantaj şəriki sayıram”.

Qeyd edək ki, bir neçə gün əvvəl V.Əhmədov bloqer Mehman Hüseynova müsahibə verib. O, müsahibəsində parlamentdə və cəmiyyətdə bir sıra neqativ hesab etdiyi hallara toxunub.

Müzakirələrdən sonra Vahid Əhmədov İntizam Komissiyasına verilib. Bunu deputatların təklifindən sonra Milli Məclisin spikeri Sahibə Qafarova təsdiqləyib.

“Bəli İntizam Komissiyası məsələ ilə məşğul olsun”, – deyə spiker vurğulayıb.

GÜNÜN MANŞETLERİ